
"Rəvan” futbol klubu yeni mövsüm üçün hazırlıq planını artıq müəyyənləşdirib. Futbolçuları mayın 21-dən istirahətə buraxılan komandamız bir də iyunun 18-də bir araya yığışacaq. Ancaq legionerlərimiz düşərgəyə bir az gec – ayın 23-də qoşulacaq. 20 günə yaxın müddətdə Bakıda məşq edəcək "Rəvan” iyulun ortalarında hazırlıq məqsədi ilə xaricə üz tutacaq. Məkan kimi Sloveniyanı seçmişik. Burda komandamız 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Sadəcə, hələlik sparrinq-rəqiblərin adları məlum deyil. Sloveniyadan qayıtdıqdan sonra çempionatın startına qədər olan müddətdə yenidən Bakıda hazırlıq keçəcəyik.