"Kəpəz” – "Rəvan” oyunundan sonra hər iki komandanın baş məşqçisinin iştirakı ilə ənənəvi mətbuat konfransı keçirildi.
Ramil Əliyev, "Rəvan”ın baş məşqçisi
Oyun öncəsi heyətdə itkilərimiz var idi. Buna görə də indiyədək oynamaq şansı az olanlara şans verdik. Amma nə oynanılan futboldan, nə də nəticədən razıyam. Soyunub-geyinmə otağında boş-boş danışan komanda üzvlərinin də oyununu gördük. Heç nə ilə yadda qalmadılar. Belə oyunlar komandanın gələn mövsüm üçün heyətinin müəyyən edilməsi baxımından önəmli rol oynayır. Gənc oyunçulardan yalnız 1997-ci il təvəllüdlü Anar Həsənovun oyunundan razı qaldım.
Mahmud Qurbanov, "Kəpəz”in baş məşqçisi
Qələbə hər zaman qələbədir, xoşdur. Belə olanda bütün problemlər yaddan çıxır. Təəssüf ki, qələbələri gec əldə etdik. Mövsümün sonunda Premyer Liqanı tərk edəcəyimizə baxmayaraq, hər oyunda meydana qələbə əzmi ilə çıxacağıq.