| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” Topaz Premyer Liqasının 26-cı turu çərçivəsində bu gün "Kəpəz”lə qarşılaşdı. "Bayıl Arena”da baş tutan turun açılış görüşündə komandamız rəqibini 3:0 hesabı ilə məğlub edərək ardıcıl 4-cü qələbəsini bayram etdi. Özü də son 3 uğurda böyükhesablı nəticə qeydə alınıb.
"Rəvan” oyunda bu futbolçuların xidmətindən yararlandı: Lukaş Sapela, Tural Axundov (k), Orxan Lalayev, Şəhriyar Rəhimov, Nodar Məmmədov (Ramazan Abbasov, 65), Samuel Barlay, Miloş Adamoviç, Ayaz Mehdiyev, Mindauqas Kalonas, Tofiq Mikayılov (Hüseyn Axundov, 71), Xuan Manuel Varea (Ramil Həşimzadə, 79).
Start heyətinə nəzər salarkən baş məşqçi Ramil Əliyevin ötən oyunla müqayisədə ilk "11-lik”də 2 dəyişiklik etdiyini görmək olardı. Cəzalı Nikolay Orlovskini Orxan Lalayev əvəzləmişdisə, yarımmüdafiənin cinahında Ramazan Abbasovun əvəzinə Tofiq Mikayılov oynayırdı. Oyun komandamızın üstünlüyü ilə başladı. Artıq 2-ci dəqiqədə Mindauqas Kalonas uzun reyd edib demək olar qapıçı ilə üz-üzə qalsa da, zərbəsi zəif alındı və qapıçı zərbəni dəf etdi. Ardından Tofiq Mikayılov 2 gözəl fürsəti boşa verdi. "Kəpəz” tədricən özünə gələrək qapımız qarşısında təhlükə yaratsa da, qeyri-dəqiq zərbələr işimizə yaradı. Fasiləyə doğru üstünlüyü tam ələ alan "Rəvan” 36-cı dəqiqədə növbəti qol epizodunu qaçırdı: Xuan Manuel Vareadan əla ötürmə alan Miloş Adamoviç toru yandan silkələdi. Əvəzində 42-ci dəqiqədə Tofiq Mikayılovun əla ötürməsindən sonra Varea cari mövsüm 12-ci qolunu vurdu.
İkinci hissə də komandamızın üstünlüyü ilə başladı. Artıq 48-ci dəqiqədə Vareanın mükəmməl ötürməsindən sonra qapıçı ilə növbəti dəfə təkbətək çıxan Kalonas yenə onu məyus edə bilmədi. 53-cü dəqiqədə rəqib müdafiəçilər topu boş qapıdan çıxardı. Bundan cəmi 2 dəqiqə sonra Tofiqin növbəti məhsuldar ötürməsi Vareanın dubla imza atması ilə nəticələndi. Argentinalının qolu qızına doğru qaçaraq ona öpüş göndərməsi ilə qeyd etməsi də diqqətdən qaçmadı. 57-ci dəqiqədə isə Tofiqin özü cərimə meydançasının kənarından topu birbaşa uzaq "doqquzluğ”a yönəldərək 2 assistə 1 də qol əlavə etdi. Üçüncü qoldan sonra oyunun tempi tam aşağı düşdü. Belədə qapılar qarşısında da qol vəziyyətlərinin sayı azaldı və matç elə 3:0 hesabı ilə başa çatdı.
Beləliklə, "Rəvan” ikinci "altılıq”da keçirdiyi 4-cü oyunda da hesabına 3 xal yazdı. Hesabındakı xallların sayını 34-ə çatdıran komandamız ən azı 1 günlüyə 8-ci pilləyə qalxdı. Onu da qeyd edək ki, bu oyun baş məşqçimiz Ramil Əliyevin baş məşqçi kimi 90-cı görüşü oldu. Başqa sözlə, futbolçular baş məşqçinin yubileyinə qələbə hədiyyə etdi.