
"Rəvan” futbol klubu bu gün Topaz Premyer Liqasının final mərhələsinin ilk, ümumilikdə isə ölkə çempionatının 23-cü tur oyununa çıxdı. Komandamız "Bayıl Arena”da keçirilən görüşdə "Xəzər Lənkəran”ı qonaq etdi.
Oyun başlayan kimi hücuma atılan komandamız qapıya doğru bir neçə zərbə vursa da, bu həmlələr nəticəsiz qaldı. 18-ci dəqiqədə isə hakim Əliyar Ağayev Mindauqas Kalonasa qarşı cərimə meydançasında edilən açıq-aşkar qayda pozuntusunu penalti kimi dəyərləndirmədi. Üstəlik, rəqibin müdaxiləsindən sonra yerdə qalan Kalonasın simulyasiya etdiyini uyduraraq ona sarı vərəqə göstərdi. Hissənin qalan vaxtı ərzində də üstün oyun sərgiləyən "Rəvan” yalnız son zərbənin yoxluğundan əziyyət çəkirdi.
Fasilədən sonra da komandamızın üstünlüyü danılmaz idi. Amma ssenari dəyişmirdi: hücumları məntiqi sonluğa çatdıra bilmirdik. Rəqibin sərt, bəzən də kobud oyuna üstünlük verməsi sonda onları çətin vəziyyətə saldı. 74-cü dəqiqədə Elnur Abdullayev komandamızın əks-hücumunun qarşısını Miloş Adamoviçi tutub saxlamaqla aldığından hakim ona ikinci sarı vərəqəni göstərdi və meydandan qovdu.
Bundan sonra üstünlüyümüz daha da artdı. 77-ci dəqiqədə cərimə zərbəsindən Ramazan Abbasovun havalandırdığı topu Xuan Manuel Varea boş qapıya göndərə bilmədi. Amma argentinalı forvard oyunun sonlarında bu səhvini sığortalaya bildi. Belə ki, 90-cı dəqiqədə rəqib müdafiəçi cərimə meydançasında əllə oynadı və Əliyar Ağayev axır ki, penalti təyin etdi. Varea isə "nöqtə”dən şansını qaçırmadı.
Beləliklə, "Rəvan” nəhayət ki, "Xəzər Lənkəran” sindromuna son qoydu. Komandamız kubok da daxil olmaqla 6 oyundu uda bilmədiyi rəqibi üstələdi.