| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” futbol klubu bu gün Topaz Premyer Liqasında növbəti oyununa çıxıb. XX tur çərçivəsində baş tutan matçda komandamız "Kəpəz”in qonağı olub. Gəncə şəhər stadionunda yenidənqurma işləri getdiyindən qərb təmsilçisi ilə görüş "Dalğa Arena”da baş tutub.
Saat 15:00-da start fiti səslənən görüş komandamızın tam üstünlüyü şəraitində keçib. Bunun məntiqi nəticəsi kimi artıq 7-ci dəqiqədə "Rəvan” hesabı açıb. Xuan Manuel Vareanın dabanla ötürdüyü ideal ötürməni yeni transferimiz Mindauqas Kalonas rəqib qapısından keçirib. Qeyd edək ki, litvalı yarımmüdafiəçi ilk matçında da fərqlənmişdi.
İlk yarısı komandamızın minimal üstünlüyü ilə yekunlaşan matçın ikinci hissəsində də təşəbbüsü əldən verməyən "Rəvan” daha 1 qol vuraraq üstünlüyünü artırıb. Bu dəfə Kalonasın məhsuldar ötürməsini daha bir transferimiz - Ramazan Abbasov qola çevirib. Komandamızın futbolçuları bir qədər də sərrast oynasa idi, hesab darmadağın həddinə çatacaqdı. Təkcə Nuran Qurbanov 3-4 real şansı qaçırmaqla diqqət çəkib. "Rəvan”ı yalnız 2 futbolçusunun cəzalı duruma düşməsi üzdü. Belə ki, Nuran Qurbanov cari mövsüm 4-cü, Samuel Barlay isə 8-ci sarı vərəqəsini aldığından "Qarabağ”la növbəti matçımızda meydana çıxa bilməyəcək.
Beləliklə, buna qədər sonuncu dəfə ötən il oktyabrın 21-də "Sumqayıt”ı rəqib meydanında üstələyən komandamız 118 gün sonra çempionatda səfər qələbəsi qazandı. Bununla həm də rəqibə növbəti məğlubiyyəti yaşatdıq. Belə ki, bu, "Kəpəz”in çempionatda ardıcıl 8-ci yenilgisi oldu.
Ardıcıl 2 qələbə sayəsində komandamız xal ehtiyatını 22-yə çatdırdı və turnir cədvəlində 9-cu sıraya yüksəldi.