| Oyunçu | Klubu | Q |
| Reynaldo | Qarabağ | 19 |
| Vaqif Cavadov | İnter | 13 |
| Daniel Subotiç | Qəbələ | 11 |
| Draqan Çeran | Simurq | 9 |
| Etame Mbilla | Xəzər Lənkəran | 8 |
| Rauf Əliyev | Bakı | 8 |
| Marinaldo da Silva | Qarabağ | 8 |
| Baçana Sxadadze | İnter | 8 |

"Rəvan” Azərbaycan kubokunun 2013/14 mövsümündə mübarizəyə qoşuldu. Komandamız bu gün 1/8 final mərhələsi çərçivəsində "Bayıl Arena”da qonaq qismində "Qaradağ Lökbatan” ilə qarşılaşdı. Tarixində 5-ci dəfə ölkə kubokunda mübarizə aparan "aslanlar” ilk sınaqdan 5 aldı: komandamız 5 qol vurub növbəti mərhələyə yüksəldi.
Baş məşqçi Şahin Diniyev müxtəlif səbəblərdən heyətdə köklü dəyişikliklər etmişdi. Belə ki, Miloş Adamoviç, Xuan Manuel Varea, Ramazan Abbasov kimi təcrübəli futbolçular ehtiyatda qalmışdısa, Lukaş Sapela, Novruz Məmmədov, Aqil Nəbiyev, Ceyhun Cavadov və Kristian Torresin adı ümumiyyətlə, matçın iştirak ərizəsinə belə salınmamışdı. Belədə Kamal Bayramov əsas komandada debüt etmək şansı qazandığı halda, meydanda az-az görünən Sohib Savankulov, Hüseyn Axundov, Kamil Nurəhmədov, Fredrik Holster və Vüsal Qarayev ilk dəqiqələrdən mübarizə aparırdı.
İlk dəqiqələrdən üstünlüyü tam ələ alan komandamız ilk 5dəqiqədə Elnur Abdulovla 2 gözəl fürsəti əldən verdi. Müəyyən nisbi sakitlikdən sonra isə hesab açıldı: künc zərbəsindən sonra İvan Pexa iki cəhddə olsa da, topu tora göndərdi. Yeri gəlmişkən, bu Pexanın "Rəvan” forması ilə rəsmi matçlarda ilk qolu oldu. Maraqlıdır ki, hesab açıldıqdan cəmi 2 dəqiqə sonra meydan sahibləri də anoloji vəziyyətdə hesabı bərabərləşdirdi. Bununla belə, ruhdan düşməyən "aslanlar” fasiləyə qədər daha 2 dəfə fərqləndi. Əvvəlcə Elnurun sol cinahdan ötürdüyü topu müdafiəçiləri qabaqlayan Vüsal Qarayev tora göndərdi. 36-cı dəqiqədə isə rəqib qapıçı onunla üzbəüz qalan Rəşad Abdullayevi yıxdığından həm son ümid foluna görə meydandan qovuldu, həm də komandasını azlıqda qoydu. Elnur Abdulov isə penaltini dəqiq yerinə yetirdi – 1:3.
İkinci hissə isə tamamilə "Rəvan”ın üstünlüyü şəraitində keçdi. Düzdür, lökbatanlılar 60-cı dəqiqədə penalti vuruşu ilə fərqi azalda bildi. Amma ümumilikdə hər şey nəzarətimiz altında idi. Təsadüfi deyil ki, meydan sahibləri fərqi azaldana qədər "Rəvan” 3 gözəl fürsəti qaçırmışdı. Elə ikinci qolu buraxdıqdan sonra da nəsə dəyişiklik olmadı. Əksinə, daha kompakt oynayan "sarı-qırmızılar” hücum dalınca hücum qurmağa başladı. Abdulov yenə şansı qaçırdıqdan sonra səhnəyə kapitanımız Rəşad Abdullayev çıxdı. Onun hiyləgərcəsinə asma etmək əvəzində yaxın küncə zərbə endirməsi təkcə azarkeşlər üçün yox, həm də qapıçı üçün gözlənilməz oldu və top tora daxil oldu. Ardından növbə ilə Fredrik Holster, Rəşad Abdullayev, Vüsal Qarayev və Ayaz Mehdiyev imkanları qaçırdı. Bununla belə, oyunun son saniyələrində qapıçı ilə təkbətək çıxan Vüsal yekun hesabı müəyyənləşdirdi – 2:5.
Beləliklə, kubokda 3-cü dəfə mərhələ adlayan komandamız avqustun 31-dən bəri davam edən qələbə həsrətinə son qoydu. Növbəti – 1/4 final mərhələsində isə rəqib "Sumqayıt”ı son dəqiqə qolu ilə üstələyən "Bakı” olacaq. Həmin oyunlar gələn ilin mart ayında keçiriləcək.
Qaradağ Lökbatan – Rəvan 2:5 (1:3)
Qaradağ Lökbatan: 25. Elçin Cəfərov, 20. Elmir Məmmədov (90. Anar Məhərrəmov, 39), 5. Vüsal İsmayılov, 6. Natiq Əkbərov, 4. Elxan Cəbrayılov, 16. Samir Quliyev (22. Murad İsgəndərli, 46), 8. Ruhid Usubov, 27. Ramal Hüseynov (k), 19. Rüfət Məmmədov, 17. Novruz Ələkbərov (7. Anar Həsənov, 46), 11. İlham Allahverdiyev.
Rəvan: 85. Kamal Bayramov, 8. Frederik Holster, 9. Elnur Abdulov (25. Ayaz Mehdiyev, 85), 11. Kamil Nurəhmədov, 19. Hüseyn Axundov, 27. Rəşad Abdullayev (k), 30. Cəmşid Məhərrəmov, 33. Sohib Savankulov (16. Orxan Lalayev, 87), 38. İvan Pexa, 40. Mişel Balokoq (24. Yamin Ağakərimzadə, 76), 89. Vüsal Qarayev.
Sarı vərəqələr: Ramal Hüseynov, 36 (hakimin qərarına etiraz); Ruhid Usubov, 86 (qeyri-idman hərəkəti) // Cəmşid Məhərrəmov, 44 (qeyri-idman hərəkəti); Frederik Holster , 58 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Elçin Cəfərov, 36 (rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə).
Baş hakim: Ömər Paşayev.
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vaqif Musayev.
Dördüncü hakim: Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Şahin Cəfərov.
4 dekabr 2013. Saat 12:00. "Bayıl Arena” stadionu. 200 tamaşaçı.