"Rəvan”nın baş məşqçisi Bəhmən Həsənovun Topaz Premyer Liqasının XXII turu çərçivəsində baş tutan "Rəvan” – "Qəbələ” matçına dair fikirlərini diqqətinizə çatdırırıq: "Qəbələ"nin oyununu bilirdik. Komandanın hücumları əsasən Arif Daşdəmirovun yer aldığı cinahdan təşkil olunur. Rəqibə qarşı tədbirlər görmüşdük. Oyun baxımından rəqibdən geri qalmadıq. Sadəcə, ustalıq səviyyəsi çatmadı. Hakimin idarəçiliyindən narazı qaldım. Mən demirəm ki, hakimlər bizim yerimizə qol vursun. Sadəcə, düzgün oyun idarə etsinlər. Qəbələdəki oyunda matça 5 dəqiqə əlavə etmişdilər. Bu gün isə bunu etmədilər. Hakimlər düzgün oyun idarə edirlərsə, niyə neçə turdur Orxan Məmmədov yoxdur?İkinci hissənin ortalarından etibarən bir qədər yorulduq. Bütün oyunu müdafiədə keçirmək olmaz. Xətlərarası əlaqə zəifləyən kimi qol buraxdıq. Bu cəhətdən ciddi problemlərimiz var. Əsasən, yarımmüdafiə xətti müdafiəçilərə mane oldu. Rəqibi təbrik edirəm. Əlimdə yaxşı heyət olsaydı, "Qəbələ"yə qalib gəlmək mümkün idi. Premyer Liqadakı klublardan yalnız "Qarabağ"la oyunda konkret söz deyə bilmərəm. Digər komandalarla oyunlarda isə qələbə qazana bilərdik”.