
Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışlar 1992-ci ildən keçirilir. İlk final matçı Bakının "İnşaatçı" və Mingəçevirin "Kür" klubları arasında oynanınıb. Bu görüşdə 2:1 hesabı ilə qalib gələn "İnşaatçı" kubok qazanmanın sevincini yaşayan ilk klub kimi tarixə düşüb.
Bundan sonra ölkə kuboku cəmi bir il istisna olmaqla, müntəzəm keçirilib. 2002/03 mövsümündə turnir baş tutmayıb. Buna səbəb AFFA ilə klublar arasında münaqişənin yaranması olub. Eyni səbəbdən 2001/02 mövsümündə də turnir yarımçıq dayandırılıb.
Ümumiyyətlə, kuboku ən çox qazanan komanda "Neftçi”dir. Paytaxt təmsilçisi 5 dəfə qalib adını qazanıb. Ümumilikdə isə kuboku cəmi 7 komanda başı üzərinə qaldıra bilib: Neftçi (5 dəfə), Kəpəz (4), Qarabağ (3), Xəzər-Lənkəran (3), Bakı (3), İnşaatçı (1), Şəfa (1).
Son yarışın qalibi "Neftçi” olub. Paytaxt komandası "Xəzər Lənkəran"ı əsas və əlavə vaxtı qolsuz bərabərliklə başa çatan görüşdə penaltilər seriyasında üstələyib – 5:3.